En   Ru   Az  


     
                                                                                                                                                             
                                                                                                                           
Yararlı məlumat
Atəşgah məbədi
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BİNASI
Cavanşir qalası
ÇIRAQQALA
Dairəvi Nardaran qalası
Diri-baba türbəsi
Əjdərbəy məscidi
Əskipara məbədi
İsmailiyyə Sarayı
Mömünə xatun türbəsi
Qız qalası (Bakı)
Qum bazilikası
Şəki xan sarayı (Şəki)
Şirvanşahlar sarayı
Yeddi kilsə monastır kompleksi
Yararlı məlumat  »  ÇIRAQQALA

Dəniz səviyyəsindən 1232 metr hündürlükdə yerləşən Çıraqqala Tarix-Memarlıq Qoruğu Şabran rayon mərkəzindən təxminən 25 km-də Çanaqqaya adlanan sıldırım qayanın zirvəsində yerləşir. Neçə yüz ildir zamanın tufanlarına, dövrün qasırğalarına mətanətlə sinə gərərək ulularımızın şanlı tarixini yaşatmaqdadır. Alimlərin dediyinə görə, Çıraqqala əsasən istehkam qarovulxana məqsədi ilə Sasani hökmdarları tərəfindən V-VI əsrlərdə tikilmişdir. Gilgilçay səddinin baş qarovulxanası olub. Qala Xəzər dənizindən Babadağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biridir. İki qala və səddin böyük bir hissəsi tarixin zərbələrinə davam gətirməyərək uçub dağılıb, Çıraqqala isə öz əzəməti, vüqarı ilə hələ də insanları heyran etməkdədir.

     Çıraqqalanın adının yaranması da çox maraqlıdır. Qalanın qərar tutduğu sıldırım qaya el arasında "Çıraqqaya" adlanır. Görünür, hələ qala-sədd tikilməmişdən öncə adamlar düşmən gəlişini bu qalanın başında tonqal qalamaqla xəbər verirlərmiş. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilmiş və onun indi salamat qalan ən uca bürcündə tonqal qalanarmış.

     Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən 4-ü salamat qalıb. Qala qapısından bir az aralı, ortalıqda tağbənd örtməli ovdan - su anbarı yerləşir. Gözə dəyən saxsı borulardan görünür ki, su bu ovdana yaxınlıqdakı dağlardakı çeşmələrdən çəkilib. Hündürlüyü 120 metr olan sıldırım qayanın üzərində ucalan baş qüllə uzaqdan daha əzəmətli və möhtəşəm görünür. Bu qüllə müşahidə, işarə məqsədilə tikilib. Burada dayanan keşikçilər Dərbənddən Beşbarmaq səddinəcən dəniz sahili boyu, təxminən 100 km-ə qədər bir ərazini nəzarətdə saxlaya biliblər.

     Çıraqqalanın baş bürcü çox maraqlı quruluşa malikdir. Bir tərəfdən girdə, o biri tərəfdən düzbucaq şəklində hörülmüş silindrik gövdə başdan-başa üfüqi zolaqlarla bölünüb. Növbə ilə daş və kərpic hörgülü zolaqlar onun monumentallığını daha da artırır. Belə bir fənd eyni zamanda konstruktiv möhkəmlik üçün məqsədəuyğundur. Elə ona görə də sal qaya üstündə yalnız öz ağırlığı hesabına dayanan baş bürcün möhkəm quruluşu üçün qurşaqvari zolaqlardan istifadə edilib. Qurşaqların materialı daş-kərpic olmaqla növbə ilə təkrarlanıb. Siluet və textonika effektinə görə baş bürcün həm forma kamilliyinə, həm də miqyas ölçülərinin tənasübünə söz ola bilməz.

     Çıraqqala tipli qalalara Azərbaycanın başqa bölgələrində, o cümlədən Yardımlı, Lerik, Oğuz, Qazax, İsmayıllı rayonlarında rast gəlmək mümkündür. Amma Çıraqqala möhtəşəmliyi ilə o qalalardan fərqlənir.